Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır. Deputat qeyd edib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Ölkəmizdə qaz limitinin artılması gözlənilirmi?
Bu məsələ ilə bağlı Referans.az-ın suallarını cavablayan “Azəriqaz İstehsalat Birliyi” -nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, ümumiyyətlə qaz limitləri və qiymət tarifləri ilə bağlı suallara cavab vermək bizim birliyin səlahiyyətində deyil. “Azəriqaz İstehsalat Birliyi” sadəcə olaraq bir xidmət qurumudur. Həmçinin bu quruma təqdim olunan qaydalar əsasında öz xidmətini təşkil edir. Buna görə də bizim müəssisə heç bir halda qiymətlərlə bağlı hər hansısa bir mövqe ortaya qoymur. Bir daha qeyd etmək istərdim ki, bizim qurum sırf qaz təchizatı ilə bağlı xidmətləri həyata keçirir.
Sözügedən mövzu ilə əlaqədar olaraq Tarif Şurasına müraciət ünvanladıq. Tarif Şurasından Referans.az -ın sorğusuna cavab olaraq məlumat verildi ki, bəzən əhali arasında qaz limitinin artırılması və ümumi qiymətlərin artacağı ilə bağlı fikirlər səsləndirilir.
“Lakin konkret olaraq hələlik ölkədə qaz limitinin artırılması və qiymətlərlə bağlı heç bir məlumat yoxdur. Əgər bununla bağlı bir məlumat olarsa Tarif Şurası tərəfindən ictimaiyyətə geniş məlumat veriləcəkdir”,- deyə Tarif Şurasından bildirilib.