Ermənistan parlamentinin plenar iclasında müxalifətdən olan deputat Qeqam Manukyanla spiker Alen Simonyan arasında söz atışması baş verib.
Qarşıdurmaya səbəb Simonyanın daha öncə Qarabağla bağlı səsləndirdiyi fikirlər olub. Simonyan bildirmişdi ki, Azərbaycan BMT qətnamələrinə əsasən Qarabağda əməliyyat keçirib.
Müxalif deputatlar iclasda Simonyandan bu açıqlamasına aydınlıq gətirməyi tələb ediblər. Manukyan spikerdən belə “tezisləri” haradan aldığını soruşub.
Simonyan da bildirib ki, Qarabağ həmişə Azərbaycabın tərkib hissəsi olub.
“Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayıb və Azərbaycanın tərkib hissəsi olub. Keçmiş hakimiyyətin dövründə Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanun qəbul edilib. Biz qanundan danışırıq və mənim açıqlamamda heç bir yenilik yoxdur.
Mən anlayıram, siz nəyisə sübut etmək üçün hər bir sözdən yapşıb iddialar irəli sürürsünüz. Lakin fakt faktlığında qalır: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belədir”, - Simonyan vurğulayıb.