Səhər qəzeti

Azərbaycanın "diplomlu tiktoker" bəlası: Sosial şəbəkələr niyə özbaşına buraxılıb?

Tarix:19-10-2024, 14:07
Baxış Sayı:0

 

Təəssüf hissilə də olsa, qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə diplomlu tiktokerlərin sayı getdikcə artmaqdadır. Belə ki, müxtəlif səbəblərdən insanlar öz peşələrindən gəlir əldə edə bilmirlər. Bu səbəbdən də tiktokerliyə üz tuturlar. Onlar aşağı səviyyəli kontentlər yaradaraq canlılar açır, videolar paylaşırlar. Halbuki həmin sosial şəbəkədə maraqlı və məlumatlı paylaşımlara da rast gəlmək mümkündür. Tiktokerlik ölkəmiz üçün artıq yeni peşəyə çevrilib.

Bəs bu peşə cəmiyyətimizə necə təsir edir? Hansı fəsadlar yaradır?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu açıqlama verib.

O bildirib ki, bu fəaliyyət növü ölkəmizdə hələ daha geniş yayılacaq:

“Bunun qarşısını almaq isə mümkün deyil. Qədimdən belə bir söz var: elin ağzını yummaq olmaz. Elə etmək lazımdır ki, tiktokerlik ümumi işimizə fayda versin, ziyan vurmasın. Çalışmalıyıq ki, ölkədə əhali daha keyfiyyətli, daha ahəngdar olsun. İndi yer üzündə uğurla yayılmaqda olan, Azərbaycanda isə hələlik əksəriyyətin əhəmiyyət vermədiyi “ahəngyol” elmi bu sahə üçün bir işıqdır.

Həyatda insana nə lazımdır? Fiziki sağlamlıq, mənəvi zənginlik, öz əməyinə yaradıcı münasibət, bir də özünü reallaşdırmaq imkanları. İndi çalışmalıyıq ki, “TikTok” fəaliyyəti bu keyfiyyətləri özündə bişləşdirsin. Bütün bunları stimullaşdırmaq lazımdır. Bu gün sosial şəbəkələr özbaşına buraxılıb. Burada da davranış tələblərinin normativi olmalıdır. Çünki bəzi insanlar çoxlu xal yığmaq üçün əxlaq və mənəviyyata zidd addımlar atır. Lakin “TikTok” fəaliyyəti ilə bağlı kobud müdaxilə və cəzalandırmaya ehtiyac yoxdur. Sadəcə olaraq bu sahədə də qanunvericiliyimiz işə düşməlidir”.


Digər xəbərlər
XƏBƏR LENTİ