Səhər qəzeti

"Odlar yurdu"nun möcüzələri: Alışıb yanan torpağın və suyun sirri nədir?

Tarix:18-10-2024, 09:56
Baxış Sayı:0

 

Yanma - ibtidai insanın tanış olduğu ilk kimyəvi reaksiyadır. Minilliklər boyu od - yemək hazırlama, suyu qızdırma və işıqlandırma üçün istifadə olunurdu. Tonqal ətrafında və ya odla işıqlandırılan mağarada insanların həyatı dövr edirdi.

Ehtimal böyükdür ki, oda sitayiş etmə ənənəsi də məhz qədim dövrlərdən başlayıb. Atəşpərəstlər o vaxtdan bəri oda möcüzə kimi baxırlar.

Bu barədə Baku TV-nin təqdim etdiyi "Alov" adlı sənədli filmdə qeyd olunub. Bildirilib ki, Atəşgah məbədinin məşhurlaşması XVI-XVII əsrlərə təsadüf edir. İnsanlar adıçəkilən məbədə iki məqsədlə gəlirdilər: turistlər qədim tikilini ziyarət etmək, dindarlar isə ayinlər icra etmək üçün. Azərbaycanda, xüsusən də paytaxt Bakıda, az qala hər yanda alov rəmzi görmək olar. Bu diyarın tarixi odla bağlıdır və ölkəmiz təsadüfən "Odlar yurdu" adlandırılmır. Alov Qüllələri Azərbaycanın ən məşhur tikililərindən biri olmaqla yanaşı, heyrətamiz vizual nümayişləri ilə sakinlərin və şəhərin qonaqlarının diqqətini çəkir, Azərbaycanın zəngin tarixinin və dinamik gələcəyinin simvolu olaraq çıxış edir. Xəzərin sahilində qayalarda gecə və gündüz od çıxır.

Odun şöləsi hətta ətraf əraziləri belə işıqlandırır. Amma Azərbaycanda od təkcə yerin dərin qatlarından çıxmır. Daha bir möcüzəni görmək üçün Azərbaycanın cənubuna, Astara rayonuna getmək lazımdır. Rayonun Ərçivan kəndində yerləşən bulağı digərlərindən fərqləndirən odur ki, burada su alışıb yanır. XX əsrin 70-ci illərində yeraltı bulaqların mənşəyi və səviyyəsi ilə maraqlanan geoloqlar qrupu Azərbaycana gəlir. Sözügedən ərazidə bir neçə yeraltı bulağın olduğunu aşkar edir və təxminən 100 metr dərinlikdə bir quyu qazırlar.

Suyun unikal xüsusiyyəti isə təsadüfən ortaya çıxır. Yerli əhali yayda qızmar günəş şüalarının altında suyun alovlanmağının şahidi olur. Elə o vaxtdan mənbə "Yanar Bulaq" adını daşıyır. Bulaqdakı suyun kimyəvi tərkibində çoxlu miqdarda kükürdlə yanaşı, metan qazı da mövcuddur. Alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır.

Azərbaycanlıların adətinə görə, tonqal insanları həmrəyliyə və birliyə çağırır.

Od bu torpaqlar uğrunda canını fəda edən qəhrəmanları bizə xatırladır. Onların alov kimi alışıb yanan vətən sevgisi hamımız üçün nümunədir. Qəhrəmanlarımızın xatirəsi əbədi məşəl kimi daima qəlbimizdə yaşayacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ