Səhər qəzeti

Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq yeni raketlərin təyinatı nədir?

Tarix:17-10-2024, 14:51
Baxış Sayı:0

 


Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına icazə verib. Nazirliyə yaxın olan "Alpha Defence" portalı bu məlumatı dolayısı ilə təsdiqləyib.

 Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girne Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadık Akyar Ermənistanın Hindistan müdafiə sənayesi məhsullarına yönəlməsinin səbəblərindən bəhs edib:

"Hindistan və Ermənistan arasında xüsusilə müdafiə sahəsində bir yaxınlaşma var. Biz son dövrdə artilleriya sistemlərinin, tank əleyhinə raketlərin, raket sistemlərinin İrəvana verilməsinin, yaxud bununla bağlı müqavilələrin bağlanmasının şahidi olduq. Ən son Hindistanın müdafiə sənayesində ixtisaslaşmış mətbuatı "Pralay" kvaziballistik raketlərinin satılması haqqında razılığın əldə olunduğunu bildirdi.

Ermənistanın isə Hindistan bazarına üz tutmasının bir neçə səbəbi var. Bunlardan birincisi Ukrayna müharibəsi, ikincisi - Ermənistanın Rusiyadan Ankara və Moskva, Bakı və Moskva, Ankara və Bakı arasındakı əməkdaşlığa görə istədiyi silahları ala bilməməsidir. Üçüncüsü isə odur ki, Hindistanın ABŞ ilə münasibətləri nə qədər yaxşı olsa da, silah sistemlərinin əksəriyyətini Rusiya və Çinlə müştərək şəkildə istehsal edir. Hazırda ABŞ faktorundan dolayı Çinlə də münasibətlər pisləşib. Digər tərəfdən, Hindistan silah sistemləri Ermənistanın istehsal sistemləri ilə uyğunlaşdırıla bilir".

Polkovnik sözügedən raket sistemlərinin göstəricilərindən və döyüş qabiliyyətindən danışıb:

"Pralay" ilə bağlı onu deyə bilərəm ki, bu kvaziballistik raket sistemləri ortamənzillidir. Mənzili 300-500 km arasındadır, 500 kq-dan çox partlayıcı başlığı daşıya bilir. "Pralay" hind dilində "qiyamət günü" mənasına gəlir. Səbəbi isə onun nüvə başlığı da daşımaq qabiliyyətində olmasıdır. Bir də mobil sistem olduğu üçün fərqli döyüş maşınlarının üzərində quraşdırıla bilir. Hərəkətdə olan maşının üzərindən də atılması mümkündür, yəni tez-tez yeri dəyişdirilə bilir. Özünü gizlətmək qabiliyyəti var, təyin olunması nisbətən çətindir.

Bu raket sistemləri daha çox strateji hədəfləri qarşı-qarşıya döyüşə girmədən (yol, körpü, aerodrom, elektrik stansiyası, hərbi hissə və s.) vurmaq üçün istifadə olunur. Əlbəttə, Ermənistan ordusunun inventarına daxil olduğu zaman təhdid yaradacaq. Azərbaycan Ermənistana gətirildikdən sonra bunların hərəkətini izləməli və mümkün toqquşma halında olduqları yerdə məhv etməlidir".

Digər xəbərlər
XƏBƏR LENTİ