Səhər qəzeti

Xəyallar gerçək olurmu?

Tarix:14-10-2024, 10:06
Baxış Sayı:10

 

Bir çoxumuz xəyalların gerçək olacağına inanmırıq. Mən isə inanıram . Məncə xəyal elə arzudur. Mənim arzularım xeyli artığı ilə həyata keçib. Əlbəttə hamısı yox. Və bir çox arzularımın həyata keçməməsinə indi sevinirəm. Çünki, zaman, olaylar, biliklər dünyaya baxışlarımızda , arzularımızda bir çox dəyişiklik yaradır…
Xəyalları arzulardan niyə ayırırlar?
Arzular bir az çox , əlçatmaz olanda bizə “xəyala qapılma” deyirlər.
Xəyalları keçmişə də aid edənlər var. Məncə bu düzgün deyil. Keçmiş xatirələrdir.  Xatirələr yeni xəyallar yarada bilər. Əgər peşmançılıqların çarəsi olarsa…

Heç bir olaya təəssüflənməyin faydası yoxdur. Arzularımıza zaman hədd qoymur, özümüz qoyuruq.
Bir çox xasiyyətlər ,inamsızlıqlar, yanlış fikirlər, ümidsizliyə səbəb olur.
Bu gün , çoxları ümidsizliyin, sabit durumun , fəaliyyətsizliyinin səbəbini maddi durumun çətinliyində görür. Arzular, xəyallar isə çox vaxt bu sərhəddi aşır.
Heç kimə öz imkanına uyğun xəyal qur demək olmur. Bu qəlbin genişliyinə də işarə etmir.

Təbii ki , bunun cavabın həyat verəcək.
Peşmançılıq, sevinc, intizar ömür səhifəmizdə bir- birini əvəz edir.
Xəyal aləminə qapılıb qalmayaq. Onların həyata keçməsi üçün vuruşaq. Aydın məsələdir ki , mənim müraciətim xoş xəyallar da olanlaradır.
Qarşımızdakı səddləri aşmaq nə qədər çətin olsa da , arzularımıza çatmağa ümid, səbr, lazımi mənəvi güc varsa, o arzulara yetməyə Allahın izni varsa , demək ki, xəyallar gerçək olacaq…


Sadecə arzular , xəyallar qəlbin güzgüsüdür..
Qarşındakıların özündən aşağı durumda olmasını arzulayanlar da var. 
Bu xəyallarla yaşayanlara əlbəttə ki , yazıqlar deməliyik. Bunu həyat anlamına çevirib mübarizə aparanlar isə , hər zaman cəzalarını alırlar.
Kiməsə xoş arzularımızı bildirdikdə “Allah səni bütün arzularına çatdırsın” deyirik. Əgər qarşımızdakı insanın qəlbindən xəbərimiz yoxdursa?
O neqativ arzular həyata keçəcəkmi? Yoxsa biz Allah qarşısında cavabdeh qalacağıq?

Məncə həyatda xoşbəxt ola bilməyən naşükür insanlardır. Xoşbəxt ola bilənləri də çox adam arsız hesab edir.
Bu kəlimələr çoxlarının dilində varsa, demək ki, bu belədir.
Hamıya bəllidir ki, bir çox maddi imkanlı insanlar daha artığını arzulayır. Aylıq cüzi maaşla şükür edib, deyib gülənlər də var. İkinciləri xəyallardan uzaq arsız hesab edənlər onu da bilməlidir ki, xəyallar , arzular hər zaman səddləri aşmır. Demək ki, onların arzusu bir doyumluq  yemək, dünyanın işığı və Allaha səcdədir.

Sənubər Məmmədəli qızı

Digər xəbərlər
XƏBƏR LENTİ