Səhər qəzeti

Silah formasında qələm? - "Bardağı daşıran son damladır, qazanc xatirinə hər şeyi edirlər"

Tarix:11-10-2024, 14:00
Baxış Sayı:4

 

Bakıda məktəb ləvazimatı satılan mağazaların birində şagirdlərin psixologiyasına təsir edəcək silah formasında, yaxud animasiya filmlərinin mənfi qəhrəmanlarının xırda oyuncaqlarının birləşdirildiyi qələmlər satışdadır. Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Nisbətən münasib qiymətə təklif olunan ləvazimat bir çox azyaşlı və yeniyetmələrin diqqətini çəkir.

Sözügedən məktəb ləvazimatının şagirdlərin şüuraltına təsir etdiyini iddia edənlər də var, heç bir ziyanı olmadığını deyənlər də.

Bəs reallıq nə yerdədir? Məsələyə necə nəzarət olunur? Bu sahədə hansı standartlar mövcuddur?

Psixoloq Elmir Əkbər qeyd edib ki, məktəb ləvazimatı bu formada olmalı deyil:

"Mən anlayıram, hamı istəyir ki, qazansın, dolansın. Amma bəzi müqəddəs sərhədlər var ki, insan onu aşmamalıdır. Bəli, ola bilər ki, bu ləvazimat yeniyetmələrə maraqlı gəlsin, almaq istəsinlər, satıcı pul qazansın və sair. Bəs vicdan? Sözügedən məktəb ləvazimatını istehsal edənlər vicdan hissi ilə vidalaşıblar, deyəsən. Belə əşyalarla bəzi anlayışları adiləşdiririk. Bu, qətiyyən yolverilməzdir. Çox məyus oluram ki, insanlar qazanc xatirinə hər şeyi edirlər.

Təhsildə kifayət qədər problemlərimiz var, bu, bardağı daşıran son damladır. Onsuz da, lazım olan məktəb ləvazimatını valideynlər alırlar. Uşaqları əlavə olaraq bu tip əşyalara sövq etməyə nə gərək var? Niyə məktəb ləvazimatı vasitəsilə silah və digər lazımsız, ziyanlı təbliğatlar aparılır? Olmazmı ki, məktəb ləvazimatı vasitəsilə daha faydalı mövzuların təbliğatı olsun? Uşaqlara şüuraltı müsbət mesajlar ötürən mövzuları təbliğ etmək daha çətindirmi?"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Mətbuat Xidmətindən isə cavablandırılıb:

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz səlahiyyətləri çərçivəsində istehlak bazarında qeyri-qida mallarına dair məcburi tələblərə riayət olunmasına nəzarət edir.

Qanunvericiliyin tələblərinə əsasən, istehlakçılara təqdim olunan məktəb ləvazimatına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən edilir. Texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri tərəfindən məktəb ləvazimatına dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

Müvafiq standartların tələblərində istifadə olunan materialın növü, ölçüləri, örtük materialının qalınlığı, qələmin yazması üçün sərf olunan qüvvə, daşınması, məhsulun qablaşdırılması və s. üzrə tələblər əks olunub. Ölkə ərazisində tətbiqinə icazə verilmiş standartlar məktəb ləvazimatının şagirdlərin psixologiyasına təsir edəcək formada hazırlanması ilə bağlı məsələləri ehtiva etmir.

Qeyd edək ki, məktəb ləvazimatlarına dair tələblər AZS 238-2006 "Məktəbli dəftərləri. Texniki şərtlər" dövlət standartında, ГОСТ 28937-91 ("Avtomatik diyircəkli qələmlər. Ümumi texniki tələblər və sınaq üsulları"), ГОСТ 19445-93 ("Mexaniki qələmlər. Hissə I. Təsnifat, ölçülər, texniki tələblər və sınaqlar"), ГОСТ 19445.1-95 ("Mexaniki qələmlər. Hissə 2. Qara qurğuşunlar. Təsnifat və ölçülər") və s. dövlətlərarası standartlarda əks olunub".

Digər xəbərlər
XƏBƏR LENTİ