Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.
Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: “Bizim səylərimiz çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib”.
Kubanıçbek Omuraliev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
Tədbirin açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin vacibliyini qeyd edən nazir səhiyyə sahəsində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, Şuşada da səhiyyə ocaqlarının ən qabaqcıl standartlara uyğun olaraq inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.
Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygar və Macarıstanın nümayəndəsi tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar. Yerbol Ospanov öz çıxışında TDT-nin üzv və müşahidəçi ölkələrini Qazaxıstanın İlkin tibbi-sanitariya yardımı (İTSY) üzrə Dövlətlərin Koalisiyasının yaradılması təşəbbüsünü dəstəkləməyə və Koalisiyaya qoşulmağa dəvət edib.
Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, həmçinin Türktransplant sisteminin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiriblər.
Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib. Tədbirin mahiyyətini vurğulayan Hans Henri Kluge iclasın işinə uğurlar arzulayıb.
Tədbir çərçivəsində “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar. Həmçinin, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumlarının imzalanılması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.
İclasın sonunda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.