Səhər qəzeti

Sülh müqaviləsində İrəvan dalanı: Paşinyanla Mirzoyan hansı "hüquq"dan danışır?

Tarix:12-12-2024, 20:48
Baxış Sayı:1

 

Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biridir. Ermənistanın beynəlxalq hüquqa yanaşmasında tətbiq etdiyi ikili standartlar, daxili hüquqi sistemindəki ziddiyyətlər və revanşist dairələrin təsiri bu prosesin həyata keçirilməsini çətinləşdirir.

Ermənistan Konstitusiyasının 13-cü maddəsinə (2015-ci il redaksiyası) əsasən, "Ermənistan vətəndaşların hüquq və azadlıqlarını, o cümlədən, erməni xalqının milli kimliyini qorumağa borcludur". Bu çərçivədə Qarabağın ərazi mənsubiyyəti məsələsi yalnız xarici siyasət deyil, həm də daxili siyasi faktor kimi ortaya çıxır. Ermənistan müxalifəti tez-tez Konstitusiya müddəalarına istinad edərək, "Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasının milli maraqlara zidd olduğunu" iddia edir. Bu marazmatik ritorika revanşist siyasi dairələrin təzyiqi altında daha da güclənir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa imkan verən aydın qanunvericilik bazasının olmaması hüquqi zəiflik yaradır. Gələcəkdə Ermənistanın hər hansı yeni hökuməti bu amildən istifadə edərək müqaviləni yenidən nəzərdən keçirə və ya ləğv edə bilər.

Ermənistan BMT Nizamnaməsi kimi bir sıra beynəlxalq müqavilələrə qoşulmaqla dövlətlərin ərazi bütövlüyünə hörmət etmə öhdəliyini qəbul edib. Lakin Ermənistanın daxili qanunvericiliyi bu normalarla uzlaşmır ki, bu da hüquqi ziddiyyətlər yaradır. Məsələn, 1969-cu il tarixli Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndinə əsasən: "Dövlət öz daxili hüququnun müddəalarını beynəlxalq müqaviləni yerinə yetirməmək üçün əsas kimi göstərə bilməz". Bu qayda Ermənistanın beynəlxalq arenadakı hərəkətlərinin tənqidi üçün əsas yaradır.

Ən mühüm risklərdən biri müqavilənin Ermənistanın yeni hökuməti tərəfindən ləğv edilməsi ehtimalıdır. Bu istiqamətdə presedentlər artıq mövcuddur. 2010-cu ildə Ermənistan Konstitusiya Məhkəməsi Sürix Protokollarının (2009) müddəalarının ölkənin Konstitusiyasının əsas prinsiplərinə zidd olduğunu bəyan edərək Türkiyə ilə münasibətlərin normallaşmasını faktiki olaraq blokladı.

Rəsmi İrəvan sülh müqaviləsi üzrə danışıqlarda sərhədlərin müəyyən edilməsi üçün 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsinə istinad edir. Ancaq beynəlxalq məhkəmə proseslərində, o cümlədən, BMT Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın nümayəndələri bu bəyannamənin sərhədlərin müəyyən edilməsi üçün hüquqi məcburiyyəti olmadığını bildirirlər.

Postsovet məkanındakı dövlətlər, o cümlədən, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış Almatı Bəyannaməsi ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini təsdiqləyir. Paradoksal olsa da, belədir: sənədin 3-cü maddəsi Ermənistanın öz maraqlarına uyğun şərh etməsinə imkan verir. Məhkəmə instansiyalarında Ermənistanın nümayəndələri bəyannamənin siyasi xarakter daşıdığını və hüquqi əsas kimi şərh edilə bilməyəcəyini bildirirlər.

Vyana Konvensiyasının 31-ci maddəsinə əsasən, "müqavilələr onların məqsəd və niyyətinə uyğun şəkildə vicdanla şərh edilməlidir". Ermənistanın mövqelərindəki ziddiyyətlər danışıqlara olan etimadı sarsıdır və ikili standartların tətbiqini açıq şəkildə nümayiş etdirir.

Hazırkı vəziyyəti daha da mürəkkəbləşdirən məqamlardan biri Ermənistanın eyni diplomatı həm sülh müqaviləsi üzrə danışıqlarda, həm də beynəlxalq məhkəmə proseslərində iştirak edərək bir-birini istisna edən mövqeləri irəli sürməsidir. Bu, Ermənistan tərəfinin vicdanlılığını şübhə altına alır və peşə etikası ilə bağlı suallar doğurur.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda uzunmüddətli sabitlik və sülhün təmin edilməsi üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir. Proses Ermənistanın daxili hüquqi sistemindəki ziddiyyətlər, beynəlxalq öhdəliklərinə münasibətdə qeyri-sabit mövqelər və revanşist dairələrin təsiri ilə əngəllənir. Ermənistanın Konstitusiya Məhkəməsinin qərarları və beynəlxalq normalara münasibətdə göstərdiyi ikili standartlar bu maneələri daha da mürəkkəbləşdirir.

İrəvanın 2004-cü ildə Roma Statutuna qoşulmaqdan imtina etməsi bu ölkənin hüquqi sistemində mövcud olan qeyri-müəyyənliklərin ən bariz nümunəsidir. Həmin il Ermənistan Konstitusiya Məhkəməsi Statutun ölkənin Konstitusiyasına zidd olduğunu və dövlətin suverenliyinə təhlükə yaratdığını bəyan etmişdi. 2023-cü ildə həmin məhkəmə, yeni tərkibdə, Statutun Konstitusiyaya uyğun olduğunu bəyan etdi, baxmayaraq ki, bu müddətdə aidiyyəti maddələrdə heç bir dəyişiklik edilməmişdi. Bu, məhkəmənin siyasi kontekstdən asılılığını açıq şəkildə nümayiş etdirir.

Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən elastiklik, hüquqi sahədə qeyri-müəyyənlik yaradır və gələcəkdə Ermənistanın beynəlxalq öhdəliklərdən imtina etməsinə şərait yarada bilər. Bu cür elastik yanaşma Ermənistanın sülh müqaviləsini hüquqi əsaslarla ləğv edə biləcəyini göstərir. Xüsusilə, Ermənistan daxilində revanşist qüvvələrin təsiri nəzərə alınarsa, bu təhlükə daha real görünür.

Ermənistan münaqişələrin həlli üçün Almatı Bəyannaməsinə (21 dekabr 1991-ci il) istinad etsə də, beynəlxalq məhkəmələrdə bu sənədin hüquqi məcburiyyət daşımadığını iddia edir. Almatı Bəyannaməsi keçmiş SSRİ respublikaları tərəfindən imzalanmış və ərazi bütövlüyü prinsipini təsdiqləyib. Ermənistan bu sənədi danışıqlarda sərhədlərin müəyyən olunması üçün hüquqi baza kimi təqdim edir, lakin beynəlxalq məhkəmə işlərində sənədin yalnız siyasi xarakter daşıdığını iddia edir.

Almatı Bəyannaməsi, mahiyyət etibarilə, siyasi sənəd olsa da, onun müddəaları beynəlxalq hüququn əsas prinsipləri ilə uyğunluq təşkil edir. Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 26-cı maddəsinə əsasən "pacta sunt servanda" prinsipi (dövlətlər müqavilələrinə əməl etməlidir) tətbiq edilir. Fəqət Ermənistan bu sənədi müxtəlif kontekstlərdə fərqli şəkildə şərh edir, bu da Konvensiyanın 31-ci maddəsinə (müqavilələrin vicdanla və vahid formada şərh edilməsi tələbi) ziddir.

Ermənistanın beynəlxalq arenada nümayiş etdirdiyi ikili standartlar bir neçə ciddi problem yaradır. Belə ki, İrəvanın ziddiyyətli mövqeləri danışıqlar prosesini çətinləşdirir və etibarlılığını sarsıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, bu yanaşma Ermənistanın beynəlxalq hüququn tələblərinə uyğun fəaliyyət göstərə bilmədiyini sübut edir. Rəsmi İrəvanın sərgilədiyi mövqe təkcə regionda deyil, beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT tərəfindən də mənfi qarşılanır. Almatı Bəyannaməsini inkar edən yanaşma hüquqi boşluq yaradır və bu, münaqişələrin daha da dərinləşməsinə səbəb olur.

Ermənistanın Konstitusiya Məhkəməsinin siyasi dəyişkənliyi və beynəlxalq hüququn normalarına münasibətdə tətbiq etdiyi ikili standartlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını daha mürəkkəb və qeyri-müəyyən edir. Ermənistanın bu cür davranışı regionda sülh və sabitliyin təmin olunması üçün maneə yaratmaqla yanaşı, onun beynəlxalq arenadakı etibarını ciddi şəkildə sarsıdır. Bu problemlərin həlli üçün hüquqi və siyasi mexanizmlərin gücləndirilməsi tələb olunur.

Ermənistanın beynəlxalq münasibətlərdə tətbiq etdiyi ikili standartlar arasında ən diqqətçəkən nüans, bu yanaşmanın təşəbbüskarlarından birinin hələ də mühüm diplomatik postu tutmasıdır. Bu şəxs Ermənistanın xarici siyasətinin formalaşdırılmasında aktiv iştirak edir ki, bu da İrəvanın səmimiliyini şübhə altına alır. Bu yanaşma Ermənistanın vahid strateji xəttinin olmamasını göstərir və daxili ziddiyyətlərin beynəlxalq arenaya daşınmasına səbəb olur.

Ermənistanın beynəlxalq hüquq normalarına münasibətdə tətbiq etdiyi taktika seçmə yanaşmanın bariz nümunəsidir. Bir tərəfdən, Ermənistan Almatı Bəyannaməsi kimi sənədlərə istinad edərək, həmin dövrdə öz maraqlarına uyğun olan beynəlxalq hüquq normalarını qabardır. Digər tərəfdən, həmin sənədlərin ona öhdəliklər yüklədiyi hallarda onların hüquqi qüvvəsini inkar edir. Bu yanaşma beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən, dövlətlər beynəlxalq razılaşmalara hörmət etməyə borcludurlar. Bundan başqa, 1975-ci il Helsinski Aktında ərazi bütövlüyünün toxunulmazlığı vurğulanır.

Konstitusiya Məhkəməsi (KM) Ermənistanın dövlət siyasətinin hüquqi əsaslarının müəyyən edilməsində və beynəlxalq öhdəliklərin yerinə yetirilməsində əsas rol oynayır. Lakin son illərdə KM-in qərarlarında qeyri-sabitlik müşahidə edilir ki, bu da onun beynəlxalq münasibətlərdə etibarlılığına kölgə salır.

Roma Statutu ilə bağlı vəziyyət Ermənistanın beynəlxalq hüquqa yanaşmasının ən bariz nümunələrindən biridir. 1998-ci ildə qəbul edilmiş Roma Statutunu Ermənistan 1999-cu ildə imzalayıb, lakin uzun müddət ratifikasiya etməmişdir. 2004-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi Statutun ölkə Konstitusiyasına zidd olduğunu bəyan edərək onun ratifikasiyasını qeyri-mümkün edib. Qərar əsasən dövlət suverenliyinin məhdudlaşdırılması ilə əlaqələndirilib.

2022-ci ildə Ermənistanın daxili və xarici siyasi kontekstinin dəyişməsi ilə KM tamamilə əks qərar qəbul etdi. Yeni qərar Statutun Konstitusiyaya uyğun olduğunu bəyan etdi. Bu, Ermənistanın beynəlxalq institutlarla əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olsa da, hüquqi davamlılıq prinsipinin pozulması ilə bağlı tənqidlərə səbəb oldu. Konstitusiya Məhkəməsinin mövqeyinin dəyişməsi siyasi kontekstdən və məhkəmə heyətinin tərkibindən asılılığını göstərir.

2022-ci il qərarı Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin artdığı və Qərb strukturları ilə əməkdaşlığın genişləndirilməsinə ehtiyac duyulduğu dövrə təsadüf edir. Roma Statutu beynəlxalq hüquq vasitəsi kimi, Ermənistanın öz maraqlarını müdafiə etmək üçün əlavə mexanizmlər təmin edir. 2015-ci il konstitusiya islahatlarından sonra KM-in tərkibi yenilənmiş, bu da hökumətin siyasi prioritetlərini əks etdirən qərarların qəbul olunmasına səbəb olub.

Ermənistanın beynəlxalq hüquqa yanaşmasında nümayiş etdirdiyi ziddiyyətlər bir neçə mühüm problem yaradır. Ermənistanın beynəlxalq razılaşmaların icrasında tutduğu qeyri-sabit mövqe etimadı zəiflədir. Azərbaycan dəfələrlə vurğulamışdır ki, Ermənistanın bu yanaşması onun beynəlxalq hüquqa hörmət göstərməkdə ardıcıl olmadığını nümayiş etdirir. İrəvanın belə yanlış strategiyası yalnız regionda deyil, beynəlxalq təşkilatlar, xüsusilə BMT və ATƏT tərəfindən mənfi qarşılanır. Almatı Bəyannaməsi kimi sənədlərə seçməli yanaşma münaqişələrin həlli üçün hüquqi əsasların zəifləməsinə və konfliktlərin dərinləşməsinə gətirib çıxarır.

Ermənistanın hüquqi sistemində KM-in qərarlarının dəyişkənliyi ölkənin beynəlxalq öhdəliklərinə olan etibarı zəiflədir. Sülh müqaviləsi ilə bağlı aşağıdakı problemlər ön plana çıxır. Ermənistan KM, Konstitusiyanın elastik şərhindən istifadə edərək müqavilənin bəzi müddəalarını yerinə yetirməkdən imtina edə bilər. Bu yanaşma müqavilənin hüquqi sabitliyini sual altına alır.

KM-in qərarları bəzən xarici qüvvələrin təzyiqi ilə formalaşır ki, bu da məhkəmə hakimiyyətinin müstəqilliyini sarsıdır.

KM-in hüquqi təcrübəsində dəyişikliklər, Ermənistanın beynəlxalq öhdəliklərinin siyasi şəraitdən asılı olaraq yenidən nəzərdən keçirilməsinə imkan yaradır.

Ermənistanın daxili qanunvericiliyi beynəlxalq hüququn əsas prinsipləri ilə də ziddiyyət təşkil edir: Çünki Roma Statutunun 27-ci maddəsi dövlət başçılarının və yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətindən azad olmadığını təsbit edir. Ermənistanın bu sənədə qoşulması onun beynəlxalq münasibətlərində, xüsusən Rusiya ilə əlaqələrində yeni gərginliklər yaradır.

Ermənistanın Avropa Şurasının üzvü olaraq müstəqil məhkəmə sistemi və hüquqi müəyyənlik təmin etmə öhdəliyi vardır. Amma KM-in qərarlarında bu öhdəliklərin yerinə yetirilməməsi müşahidə edilir. Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 26-cı maddəsinə əsasən, beynəlxalq müqavilələr məcburi xarakter daşıyır. Lakin Ermənistanın KM qərarlarını dəyişməsi beynəlxalq hüququn sabitliyinə ziddir. Ermənistanın daxili hüquqi və siyasi sistemində islahatların həyata keçirilməsi sülh müqaviləsinin icrasını təmin etmək üçün əsas şərtdir. Bunun üçün Ermənistan öz qanunvericiliyini beynəlxalq öhdəliklərinə uyğunlaşdırmalı, o cümlədən, ərazi bütövlüyünə hörmət prinsipini təmin etməlidir. KM siyasi təzyiqlərdən azad edilməli və qərarlarında sabitlik təmin olunmalıdır. Bütün bunlarla yanaşı, rəsmi İrəvan beynəlxalq məhkəmə və danışıqlarda tutduğu mövqelərdə ardıcıl olmalı, ikili standartlardan uzaq durmalıdır.

... Ermənistanın daxili hüquqi və siyasi problemləri onun beynəlxalq öhdəliklərinin icrasını çətinləşdirir və sülh prosesini təhlükə altına alır. Azərbaycan sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, ərazi bütövlüyün qarşılıqlı tanınmasını tələb edir. Ermənistan isə daxili islahatlar aparmadan sülh müqaviləsinin icrasında sabitliyi təmin edə bilməyəcək.

Bu səbəbdən, Ermənistan hüquqi sistemini islah etməli, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməli və uzunmüddətli sülhə nail olmaq üçün ardıcıl siyasət həyata keçirməlidir. Əks halda, sülh müqaviləsi təhlükə altında qalacaq və regionda yeni gərginliklərə yol açacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ