Səhər qəzeti

Ermənistan-Rusiya-Hindistan üçbucağı - Qərb əzəli rəqibinin dəstəklənməsinə niyə göz yumur?

Tarix:13-08-2024, 20:19
Baxış Sayı:2

 

2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyəti Serj Sarqsyandan təhvil alandan sonra Rusiyadan asılılığını azaltmaq üçün yeni hərbi, siyasi, iqtisadi dayaq nöqtələri axtarmağa başladı. Bu istiqamətdə isə təbii ki, əsas yük Paşinyanı hakimiyyətə gətirən Qərbin, daha dəqiq desək, Amerika Birləşmiş Ştatlarının üzərinə düşürdü.

Əslində, Nikolun hakimiyyətə gələn kimi Rusiya əleyhinə verdiyi bəyanatlar, Moskvanın nəzarətində olan təşkilatların fəaliyyətini sorğu-sual etməsi və bu təşkilatların sammitlərindən imtina etməsi, xüsusən də Rusiyanın Ermənistandakı mövcudluğu əleyhinə atılan konkret addımlar və bütün bunların fonunda xəyanəti bağışlamayan Kremlin sükutu özündə bir sıra suallar yaradırdı.

Digər qaranlıq məqam isə Ermənistan Rusiyadan uzaqlaşdıqca iki ölkə arasında ticarət dövriyyəsinin müəmmalı şəkildə artması ilə bağlı idi. Yəni necə oldu ki, Paşinyan hakimiyyətə gələndən sonra ölkəyə hər nə qədər Qərbdən yeni tərəfdaşlar cəlb etsə də, Rusiya əleyhinə addımlar atsa da, Rusiya-Ermənistan ticarətinin həcmi 2024-cü ilin təkcə ilk rübündə inanılmaz şəkildə artaraq 8,4 milyard dollar həcminə çatdı?

Maraqlıdır ki, bir tərəfdən özünü məhz Qərbin himayəsi ilə Rusiyanın asılılığından xilas etmək istəyən Ermənistan digər tərəfdən bu ölkə ilə ticarət dövriyyəsini sürətlə artıraraq bu asılılığı daha da dərinləşdirir. Bütün bu sualların cavabını tapmaq üçün əslində, çox vaxt lazım olmadı. Ukrayna böhranı fonunda ciddi iqtisadi sanksiyalara məruz qalan Moskvanın məhz sanksiyalardan yayınması üçün əsas rolu elə İrəvan oynayır. Nəzarətli gərginlik xətti isə hər iki dövlətin işinə yarayır. Ermənistan həm Qərbdən əlini üzmür, həm də Rusiyaya sədaqətindən imtina etmir ki, əslində, bu, heç mümkün də deyil. Bu da onu göstərir ki, Rusiya və Qərb, hər nə qədər bir-biri ilə geosiyasi gərginlik şəraitində olsalar da, ermənilərin himayə edilməsi prosedurunu paralel şəkildə həyata keçirirlər. Hətta Ermənistan Rusiyaya elə can yandırır ki, Moskvanı xilas etmək üçün ortalıqda əməlli-başlı var-gəl edir.

Ələlxüsus Ermənistana son zamanlar hamiliyi ilə gündəmə gələn Hindistanın geosiyasi dəyişikliklər və ya gərginliklər fonunda Rusiya ilə münasibətlərini inkişaf etdirməsi, xüsusən də iki ölkə arasında ticarət dövriyyəsinin artımı bu əlaqələri daha da möhkəmləndirir. Ermənistan isə həm də bu zəncirin vacib halqası kimi Rusiyaya əvəzolunmaz dəstək nümayiş etdirir. Çünki münasibətlərin bu dərəcədə inkişafı Rusiyanın sanksiyalardan yayınmasına daha da kömək edir.

Mövzu ilə bağlı danışan siyasi şərhçi İlqar Vəlizadənin sözlərinə görə, Ermənistanla Rusiya arasında ticarət mübadiləsi ildən-ilə artır:

"Rusiya ilə Ermənistan arasındakı bu iqtisadi-ticari münasibətlərin kəskin şəkildə artması isə Rusiya şirkətlərinin Ermənistan vasitəsilə digər ölkələrin şirkətləri ilə əlaqələri davam etdirməsi və yeni əlaqələr yarada bilməsinə görədir. Bu da Rusiyanın Qərb tərəfindən tətbiq olunan sanksiyalardan yan keçməsinə hesablanıb".

"Yeri gəlmişkən, son illərdə Rusiyanın Qlobal Cənub Ölkələri ilə də (Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, Meksika) ticarət münasibətləri aktivləşib. Bunun da səbəbi Rusiyanı məhz sözügedən sanksiyalardan qorumağa hesablanıb. Ermənistan kimi dövlətlər isə bu ticarət zəncirinin vacib halqası rolunda çıxış edirlər. Kollektiv Qərb də buna bilərəkdən və ya bilməyərəkdən göz yumur. Çünki onlar öz növbələrində Ermənistanla müxtəlif ticari və iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildirirlər, halbuki, Ermənistana verilən bu dəstək həm də Rusiya-Ermənistan iqtisadi münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır ki, bu da Rusiyanın qorunması deməkdir.

Başqa bir ziddiyyətli məqam isə Rusiyanın sanksiyalardan yayınmasına kömək edən Ermənistan iqtisadiyyatına külli miqdarda pul axınının cəlbidir. Halbuki, Ermənistan əldə etdiyi gəlirləri Qərbin aparıcı ölkələrindən olan Fransa, eləcə də Rusiya ilə iqtisadi münasibətlərini durmadan artıran Hindistan kimi ölkələrdən müxtəlif növ silah-sursatların alınmasına sərf edir. Sırf Fransadan alınan silahlar isə məhz Rusiya vasitəsi ilə əldə edilən gəlirlər hesabına baş verir. Sadəcə olaraq, Fransa tərəfi buna göz yummağa üstünlük verir. Çünki Fransa şirkətləri o qədər də əhəmiyyətli olmayan məhsullarını Ermənistana satırlar", - deyə müsahibimiz vurğulayıb.

İ.Vəlizadə hesab edir ki, bu mənzərə dünyada ikili standartlar siyasətinin hələ də mövcud olduğundan xəbər verir:

"Bu siyasəti həyata keçirənlərin məqsədi isə müxtəlif ölkələrin bir-biri ilə münasibətlərində əsas şərtləndirici amil kimi çıxış etmək istəyidir. Çünki ikili standartlar olmasaydı, yəqin ki, mənzərə də tamam fərqli olardı və Qərb Ermənistanla bağlı daha sərt addımlar atmağa məcbur olardı. Amma indiki şəraitdə biz bunu görmürük və çox güman ki, heç görməyəcəyik də. Çünki Qərbin Ermənistanla bağlı özünəməxsus planları var. Bu planların mahiyyətini Rusiyada da çox yaxşı başa düşürlər, sadəcə olaraq, yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etməyi daha münasib görürlər.

Digər xəbərlər
XƏBƏR LENTİ