Gürcüstan noyabrın 20-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı çərçivəsində "Orta Dəhliz"in inkişafına dair hesabatın yüksəksəviyyəli təqdimatını keçirəcək.
Bunu baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili "İmedi" telekanalının efirində deyib.
"Orta dəhliz baxımından iki il əvvəl Qazaxıstanın Aktau şəhərində razılaşdırılmış yol xəritəmiz var. Bu, hər bir ölkənin infrastrukturun və ümumi idarəetmənin təkmilləşdirilməsi baxımından nə etməli olduğu barədə ətraflı plandır ki, dəhliz öz rəqabət qabiliyyətini qoruyub saxlaması ilə yanaşı, onu daha da artırsın", - Davitaşvili bildirib.
Onun sözlərinə görə, "Orta Dəhliz" marşrutunun inkişafı üçün bir çox istiqamətlərdə işlər aparılır.
Xatırladaq ki, "Orta Dəhliz" Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Avropa ölkələrinə gedən marşrutdur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb.